Vəkil həbs edildi, Kollegiya susur – hüquq müdafiəçiləri etiraz edir

11:50 / 13.06.2025 Просмотров: 138

 Tanınmış vəkil Adəm Məmmədovun həbs edilməsi və bu məsələdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının susqunluğu hüquq ictimaiyyətində ciddi narahatlıq doğurur.

Hüquq müdafiəçisi Samir Zeynalov Kollegiyanın sədri Anar Bağırova ünvanladığı açıq müraciətində Kollegiyanın mövqesizliyini tənqid edib və bu məsələ ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını tələb edib.

Məlumat üçün bildirək ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 5 mart 2025-ci il tarixli qərarla vəkil Adəm Məmmədovu Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək 6 ay müddətinə azadlıqdan məhrum edib. Hüquq müdafiəçiləri bu hökmü ifadə azadlığının pozulması və vəkil toxunulmazlığına müdaxilə kimi qiymətləndirirlər.

Açıq müraciətdə vurğulanır ki:

Adəm Məmmədov “qanunla.az” saytının yalnız təsisçisidir, xəbəri yayan şəxs isə onun redaktor olan qardaşıdır;

Mübahisəli xəbər 2020-ci ildən etibarən bir çox xəbər portallarında yayımlanıb və ictimai məlumat kimi mövcuddur;

Məmmədov həmin xəbərlə bağlı heç bir hüquqi və texniki müdaxilə etməyib, sadəcə sonradan yaranan çaşqınlığa aydınlıq gətirmək üçün çıxış edib.

Zeynalovun fikrincə, bu cür presedentlər vəkillərin gələcəkdə ifadə azadlığına və peşə fəaliyyətinə görə təqib olunması riskini artırır və Kollegiyanın susqunluğu bu riski daha da gücləndirir.

O, Kollegiyaya aşağıdakı çağırışlarla müraciət edir:

Adəm Məmmədovun işi ilə bağlı rəsmi və prinsipial mövqe bildirilsin;

Hüquq ictimaiyyəti bu mövqedən xəbərdar edilsin;

Belə halların gələcəkdə təkrarlanmaması üçün preventiv addımlar atılsın.

“Bu, sadəcə bir vəkilin müdafiəsi deyil, vəkillik institutunun bütövlüyü məsələsidir,” – deyə müraciətdə vurğulanır.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA