Məhəmməd Əsədov – Dövlətə sədaqətin və şəhidliyin rəmzi  

10:48 / 13.06.2025 Просмотров: 664

Məhəmməd Nəbi oğlu Əsədov Azərbaycan tarixində dövlətə sədaqəti, təşkilatçılıq bacarığı və vətənpərvərliyi ilə iz qoymuş nüfuzlu dövlət xadimlərindən biridir. O, 1941-ci ildə Zəngilan rayonunun Baharlı kəndində dünyaya göz açmış, zəhmətkeş həyat yolu keçmiş, təhsilini uğurla başa vuraraq müxtəlif məsul vəzifələrdə çalışmışdır. Gənc yaşlarından çalışqanlığı və qabiliyyəti ilə seçilən Əsədov, partiya və sovet idarəetmə sistemində mərhələ-mərhələ yüksələrək ciddi təcrübə toplamış, Sumqayıt, Ağsu, Ağdaş və Quba kimi bölgələrdə rəhbər vəzifələrdə çalışmışdır.

1982-ci ildə Moskva Təhlükəsizlik Akademiyasını qırmızı diplomla bitirməsi onun intellektual səviyyəsinin və peşəkar hazırlığının göstəricisidir. 1990-cı ildə Azərbaycanın daxili işlər naziri təyin olunduğu dövrdə isə ölkə artıq Qarabağ müharibəsinin acı reallıqları ilə üz-üzə idi. Əsədov öz vəzifəsinin məsuliyyətini dərindən dərk edərək, sərhəd bölgələrinə yollanır, erməni təcavüzünə qarşı mübarizədə fəal iştirak edir. Onun rəhbərliyi ilə Xüsusi Təyinatlı Milis Dəstəsi yaradılır, ölkənin təhlükəsizliyi üçün əməli tədbirlər həyata keçirilir. “Qara polkovnik” kod adı ilə ermənilər arasında qorxuya səbəb olan Əsədovun adı artıq canlı əfsanəyə çevrilmişdi.

Lakin bu qısa, parlaq xidmət yolu 1991-ci ilin 20 noyabrında, Qarakənd səmasında başa çatdı. Azərbaycanın bir çox tanınmış dövlət xadimləri ilə birlikdə Məhəmməd Əsədov da Mi-8 vertolyotunun düşmən tərəfindən vurulması nəticəsində şəhid oldu. Bu faciə təkcə bir dövlət məmurunun ölümü deyil, Azərbaycanın gələcəyinə qarşı yönəlmiş ağır bir zərbə idi. Lakin Məhəmməd Əsədovun xatirəsi bu xalqın yaddaşında daim yaşayacaq – o, qorxmazlığı, vətən sevgisi və dövlətə sədaqəti ilə Azərbaycan tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biri olaraq qalacaq.

Məhəmməd Əsədov həm də nümunəvi ailə başçısı kimi tanınırdı. Oğlanlarının təhsilinə böyük önəm verən Əsədov, onların gələcəkdə ölkəyə faydalı vətəndaşlar kimi yetişmələri üçün hərtərəfli şərait yaratmışdır. Üç oğlu – Natiq, Rasim və Nazim – atasının ideallarını və vətənpərvər ruhunu davam etdirir. Natiq Əsədov hüquqşünas kimi yetişərək hazırda Səbail rayon prokuroru vəzifəsində çalışır. Rasim də hüquq sahəsində ixtisaslaşmış, Nazim isə həkim kimi fəaliyyət göstərir. Bu fakt Məhəmməd Əsədovun həm dövlət xadimi, həm də ailə başçısı kimi məsuliyyətini və gələcəyə bağlılığını əyani şəkildə təsdiqləyir.

Bakı Dövlər Universitetinin Professoru,Psixologiya elmləri doktoru İmdad Bayramov


Другие новости

Лента новостей

Все новости
13 июнь 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA